
Ombudsman🇦🇿 Səbinə Əliyeva
272 subscribers
About Ombudsman🇦🇿 Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
Similar Channels
Swipe to see more
Posts

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbirində iştirak edib. Ombudsman tədbirdə çıxışı zamanı Ermənistanın azərbaycanlılara qarşı uzunmüddətli işğal, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız insanın kütləvi şəkildə qətlə yetirildiyini, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldıqlarını qeyd edib. Müvəkkil beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi barədə ətraflı məlumat verib. Səbinə Əliyeva 33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini qeyd edib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb. Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirən Ombudsman dəfələrlə Ermənistana müraciət edilməsinə baxmayaraq, həmin şəxslərin taleyi ilə bağlı hələ də dəqiq məlumatın əldə olunmadığını bildirib. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-bərpa və axtarış-qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkar edildiyini, indiyədək 170-ə yaxın insanın şəxsiyyətinin müəyyən olunduğunu qeyd edib. Müvəkkil, həmçinin soydaşlarımızın ötən əsrin müxtəlif dövrlərində indiki Ermənistan ərazilərindən qaçqın düşdüyünü, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, yaşayış məntəqələrinin, tarixi və dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Ombudsman etnik azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının, onların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Ombudsman və Aparatın əməkdaşları Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər. Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.


Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir. Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır. Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur. Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilmişdir. İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı həmin ərazilərdə, o cümlədən Xocalı rayonunun Əsgəran qalası yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqlar torpaqlarımızın işğalı, habelə Xocalı soyqırımı zamanı azərbaycanlıların Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirildiyini bir daha əsaslı şəkildə sübut edir. Qeyd etmək istərdim ki, tərəfimizdən dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı ciddi tədbir görməkdən, habelə işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə dəqiq məlumatları verməkdən boyun qaçırır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları, habelə beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında erməni hərbçiləri tərəfindən törədilmiş amansız cinayətlər barədə qeydləri bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq məqsədli şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Eləcə də erməni yazıçı Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda baş vermiş hadisələrin, türklərə qarşı amansızlıqla törədilmiş cinayətlərin qəhrəmanlıq kimi təsvir edilməsi Ermənistanda mövcud ideologiyanın başqa millətlərə qarşı nifrət zəminində formalaşdığını bir daha göstərmiş olur. Eyni zamanda, sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslər öz ifadələrində 1992-ci ilin fevral ayında Xocalı cinayətlərində iştiraklarını etiraf edirlər. Eləcə də mülki əhaliyə qarşı ağır cinayət əməllərinin törədildiyi və onların kütləvi şəkildə basdırıldıqları yerlər əyani şəkildə göstərilmişdir. Bütün bunlar Ermənistan tərəfindən dinc əhaliyə qarşı amansız soyqırımı cinayətlərinin törədildiyini bir daha sübut edir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, həmin cinayəti törədən şəxslərin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdırlar. Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 25 fevral 2025-ci il Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir. Ombudsmanın ötən il üzrə məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2025-ci ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib. 2024-cü il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb. Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcəkdir.

#XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeForKhojaly


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin Ukraynanın Xarkov şəhərində fəxri konsulunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib. Ombudsman tədbirdə çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı hadisəsi barədə ətraflı məlumat verib. Müvəkkil soyqırımı nəticəsində fundamental insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. O, həmçinin həmin vaxt girov götürülmüş 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin hələ də naməlum olaraq qaldığını qeyd edib. Ombudsman hər il Xocalı soyqırımının ildönümü ilə bağlı müvafiq bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edildiyini, lakin ölkəmizə qarşı nümayiş olunan ikili standartlar səbəbindən bu cinayətə indiyədək beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilmədiyini bildirib. Səbinə Əliyeva Xocalı sakinlərinə qarşı törədilmiş cinayət əməllərinin soyqırımı kimi tövsif edilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının əhəmiyyətini vurğulayıb.

Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ukraynada keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib 👇👇👇


Ombudsman Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirində iştirak edib 👇👇👇
