
MƏDRƏSƏ
February 1, 2025 at 06:06 PM
İmam Hüseynin (ə) məzarını özünüzə “vətən” etməyin
Bir sıra mötəbər hədis ədəbiyyatında aşağıdakı məzmunda bir hədis var ki, bu hədisin son ifadəsi hədisi oxuyan və ya eşidənləri təəccübləndirir. Həzrət İmam Cəfər Sadiqə (ə) nisbət verilən bu hədisdə buyurulur:
عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ (علیه السلام)، قَالَ: «إِذَا أَرَدْتَ زِيَارَةَ الْحُسَيْنِ (علیه السلام) فَزُرْهُ وَ أَنْتَ (كَئِيبٌ) حَزِينٌ مَكْرُوبٌ شَعِثٌ مُغْبَرٌّ جَائِعٌ عَطْشَانُ. (فَإِنَّ الْحُسَيْنَ - علیه السلام - قُتِلَ حَزِيناً مَكْرُوباً شَعِثاً مُغْبَرّاً جَائِعاً عَطْشَاناً). وَ سَلْهُ (اسْأَلْهُ) الْحَوَائِجَ وَ انْصَرِفْ عَنْهُ وَ لَا تَتَّخِذْهُ وَطَناً».
“İmam Hüseyni (ə) ziyarət etmək istədikdə sınıq qəlbli, hüznlü, kədərli, saçları pərişan, (üst-başın ziyarət yolunda bulaşdığın) toz-torpaqlı, ac və suzuz ol. Çünki həqiqətən də İmam Hüseyn (ə) ürəyi (ümmətin vəfasızlığından) sınıq, hüznlü, kədərli, saçları pərişan, üst-başı (şəhidlərin başı üzərində dizləri üstü yerə oturmaqdan, torpaq və qana bulaşmış cənazələri dizləri üzərinə alıb qucaqlamaqdan) toz-topağa bulaşmış, ac və susuz şəhid edildi.
Ziyarəti bitirdikdən O həzrətin şəfaəti və vasitəsiylə hacətlərini (Allah-Taaladan) istə və oradan qayıt, oranı özünə vətən və qalacaq yeri qərar vermə”.
Hədisin son ifadəsi, yəni “oranı özünə vətən və qalacaq yeri qərar vermə” hissəsi bəzi möminlər üçün sual doğurub ki, nə üçün “oranı” vətən qərar vermək olmaz?
Bu sualı hədis şərhçiləri belə cavablandırıblar:
1). Hədisdə “oranı özünə qərar vermə” ifadəsindən məqsəd “ziyarətgah”ın özü və əhatə etdiyi “hair” adlanan ərazidir. Bu məsələ bütün Kərbəla şəhərinə aid edilmir. Çünki Kərbəla ərazisində yaşamağın, hərəmə qonşu olmağın və bu müqəddəs məkanda ibadət etməyin savab və fəzilətli olması barədə çoxlu hədislər mövcuddur.
2). Ziyarətgahın və əhatə etdiyin ərazinin daimi yaşayış yerinə çevirilməsi istəmədən də olsa, müqəddəs hərəmə hörmətsizliklə nəticələnə bilər. Elə bu səbəbdəndir ki, Kəbə və yaxın ətrafında daimi məskunlaşmağa hədislərdə icazə verilməyib.
3). Əksər insanlarda namazda olduğu kimi, digər dini ayinlərdə də mənəvi hal az olur. Məsələn, ziyarətin ilk saatlarında hərəmin günbəz və minarələri uzaqdan göründükdə qəlb sınır, gözlərdən yaş yanaqlara süzülür, sınıq qəlb və xüsusi mənəvi halla hərəmə daxil olursan, zərihi ziyarət edirsən, bacardığın qədər dua edir və namaz qılırsan. Sonra isə insanın diqqətini müqəddəs hərəmin gözəlliyi özünə çəkir. Bu cazibədarlıq sənə hərəmin müxtəlif səhn və eyvanlarını gəzdirir. Bir də görürsən ki, gəzə-gəzə gedib çıxıbsan bazara. Bu kimi hallar çox baş verdikdə ziyarət öz mənəvi ab-havasını itirir, adiləşir. Bu da öz növbəsində insanda sonrakı ziyarət eşqini azaldır.
4). İnsan ziyarətin əvvəlində özünü İmamın (ə) hüzurunda hiss edir. Bir az çox qaldıqda isə yavaş-yavaş bu hüzur hissini itirir və başı dünya söhbətlərinə və maddi xəyal və fikirlərə qarışır. Belə bir vəziyyətdə və mənəvi halsızlıqda İmamın (ə) hüzurunda çox qalmaq ədəbsizlik sayılır.
5). İmamın (ə) hüzurunda ola-ola dünya həvəslərinə qapılmaq, bazarları və muzeyləri gəzmək, hərəmin cazibədarlıqlarını seyr etmək, insanı həm mənəvi haldan çıxarar, həm ziyarəti adiləşdirər və hətta Kərbəla faciəsinin əzəmətini də insanın gözündə sadə bir hadisə həddinə sala bilər. Bu isə insanın qəlbinin qəsavət bağlaması və ölməsinə səbəb ola bilər.
6). Bəzi hədislərdə deyilir ki, hərəmlərin ziyarətinə gedəndə özünüzü istirahət səfərinə çıxmış kimi aparmayın, süfrələrinizi rənarəng etməyin, qonaqlıq məclislərinə oxşar yeyib-içmək süfrəsi açmayın. Öz valideynlərinizin qəbrinin ziyarətinə gedəndə necə gedərdinizsə, hərəmlərin ziyarətinə gedəndə də özünüzü elə aparın.
7). Ola bilər ki, sözügedən ifadə o zamanın siyasi şəraiti nəzərə alınaraq, şiələri Əhli-Beyt (ə) düşmənlərindən (osmanilər və abbasilərdən) qorumaq üçün “təqiyyə” məqsədi ilə deyilib ki, həmin dövrdə zalim hakimiyyət və Əhli-Beyt (ə) düşmənləri tərəfindən təqib edilən şiələr hamısı bir yerə toplaşıb asan şəkildə düşmənin hədəfinə çevirilməsinlər.
*Nəticə:*
Hədisdəki “ziyarətgahı özünə vətən etmə” ifadəsi vacib bir hökmü çatdırmır. Sadəcə o dövr üçün siyasi baxımdan önləyici tədbir ola bilərdi və həm də möminlərdə ziyarət üçün mənəvi ab-havanın qorunması üçün tövsiyə edilib. Hətta bəzi hədislərdə bu kimi müqəddəs yerlərdə yaşayanlara tövsiyə edilib ki, heç olmazsa, ildə bir dəfə yaşadıqları məkanı tərk etsinlər. Çünki bu, onlarda yenidən ziyarət üçün mənəvi hal yaradacaq, darıxacaqlar, qəlbləri sınacaq və mənəvi hüzurla hərəmə daxil olacaqlar.
Belə düşünürəm ki, həm hədisin sözgedən hissəsini və həm də bizim bu naqis izahımızı ziyarətdə bir gündən artıq qalmış hər bir kəs çox gözəl şəkildə dərk edə bildi.
Şeyx Kuleyni, “əl-Kafi”, c.4, s.587, hədis: 2.
İbn Quləvəyh, “Kamiluz-ziyarat”, s.131, hədis:3.
Şeyx Səduq, “Səvabul-əəmal”, s.88.
Şeyx Müfid, “əl-Məzar”, s.96.
Şeyx Tusi, “Təhzibul-əhkam”, c.6, s.78, hədis:20.
Hürr Amuli, “Vəsailuş-şiə”, c.14, s.540, hədis: 2-19778.
Əllamə Məclisi, “Miratul-uqul”, c.18, s.316.
Əllamə Məclisi, “Biharul-ənvar”, c.98, s.115, hədis: 40.
@mirmehemmed_beshir
https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29
👍
1