MƏDRƏSƏ
MƏDRƏSƏ
February 2, 2025 at 02:48 PM
Belə bir hədis yoxdur "İnsaları tanıdıqca tək qaldım" və ya "İnsanları tanıdıqca tənhalaşıram" Sözləri, mahiyyəti, məzmunu və mənası dəyişdirilərək bəziləri tərəfindən kimlərisə qınamaq və tənqid və bəzən də təhqir etmək, onların sözü ilə desək "vurmaq" üçün paylaşılan və İmam Əliyə (ə) nibsət verilən hədisin orjinalı belədir: من‏ عرف‏ النّاس‏ تفرّد "Hər kəs insanları tanısa, tənhalığı (cəmiyyətdən uzaq yaşamağı) seçər". (Ağa Camal Xansarinin "Ğurərul-Hikəm"ə şərhi, c.5, s.173, hədis: 7832; Leysi, "Uyunul-Hikəm", s.452, hədis:8104 və Amudi, "Ğurərul-Hikəm", s.319, hədis: 189.) Bu hədisin hansısa uzun bir mətndən çıxarılmasını dəqiq bilməsək də, hədisin "Uyunul-Hikəmdə" belə bir siyaqda (kontekst) yer aldığını görürük: "Hər kəs Allahı tanısa, təkliyi seçər. Hər kəs nəfsini tanısa, özünü təcrid edər. Hər kəs dünyasını tanısa, zahid olar. Hər kəs insanları tanısa, tənhalığı seçər". مَنْ عَرَفَ‏ اللَّهَ‏ تَوَحَّدَ. - مَنْ عَرَفَ نَفْسَهُ تَجَرَّدَ. - مَنْ عَرَفَ الدُّنْيَا تَزَهَّدَ. - مَنْ عَرَفَ النَّاسَ تَفَرَّدَ. Bu kontekstlə hədisə yanaşsaq görərik ki, hədis insanı cəmiyyətə qarışmaqdan çəkindirmir, sadəcə cəmiyyətdə ikən insanı dünyaya, dünyəvi və nəfsani istəklərə bağlayan şeylərdən qopmağa və Allahla olmağa çağırır. Yəni insan yaşadıqca və təcrübə qazandıqca başa düşür ki, bütün insanlar tək bir varlığa möhtacdırlar, o da Allahdır. Buna görə insanlara olan ehtiyac bağını qırır və Allaha bağlanmağa çalışır. Onun cəmiyyətdə cəmiyyətlə olması da əslində Allah ilə olduğu üçündür. Belə bir insan ən izdihamlı yerdə belə özünü təkcə Allahın hüzurunda görür. Ətrafındakılar ya onunla birlikdə İlahi nura qovuşub vəhdət təşkil ediblər, ya da dünyaya başları qarışıb və o təkdir. Belə bir ikinci izah da vermək olar ki, istənilən insan müəyyən bir cəmiyyətdə yaşayır, insanlarla daimi ünsiyyətdə olur və onlarla müxtəlif əlaqələr qurduqdan sonra görür ki, insanların çoxu ilə əlaqə qurmaq, iş görmək, dost olmaq, səmimiləşmək və sair elə də faydalı deyil, hətta bir çox hallarda dünya və axirət üçün ciddi zərərləri də var. Təbiidir ki, bunu dərk edən insan mənəviyyatına zərərli insanlardan uzaqlaşır, dünya və axirəti üçün faydalı insanlarla ünsiyyət qurmağa çalışır və belə insanları tapmırsa, təkliyi tərcih edir. Bundan əlavə "sağlamlıq təklikdədir", "dinin sağlamlığı insanlardan uzaq olmaqdadır", "insanlarla az üsniyyətdə olmaq insanın dinini sağlam saxlayır və onu pis insanların şərrindən qoruyur", "insanlarla çox qaynayıb-qarışmaq fitnədir", "insanlardan uzaq qalan onların şərrindən salamat qalar" və sair məzmunlarda da hədislər var. Təbii ki bu hədislərdəki "tək yaşamaq" tövsiyəsi başqaları ilə ifrat ünsiyyət quranlara və gərəksiz insanlarla otur-dur edənlərə, gecəni dostlarla keçirib ailə-uşağının yanında gecəyarısı gedənlərə, həmçinin bu kimi ünsiyyətlərin insanın dini və mənəviyyatı üçün zərərli olduğu məqamlara aiddir. Bunu da qeyd edim ki, bu kimi hədislər daha çox 6-cı hicri-qəməri əsrində yaşamış Əbul-Həsən Əli ibn Əbi Nəzal Leysi Vasitinin "Uyunul-Hikəm vəl-Məvaiz" (10 min civarında kiçik həcimli hədislər) və Əbül-Vahid ibn Məhəmməd Təmimi Amudi Diyarbəkrinin (vəfat. 550 hq) "Ğurərul-Hikəm və Durərul-Kəlim" (11 min civarında kiçik həcimli hədislər) kitabında yer almışdır ki, müəlliflərin səliqəsinə uyğun olaraq sənədsiz nəql edilmişdir. Müəlliflərin fikrincə bu kəlamlar adi insan kəlamının fövqündə olduğu üçün və yaşadıqları dövrdə həmin hədislərin İmam Əlinin (ə) adı ilə məşhur olması səbəbi ilə sənəd zikr etməyi lazım bilməyiblər. Həmin hədislərin kiçik həcmli və dərin mənalı olması sosial şəbəkə istifadəçiləri tərəfindən həvəslə paylaşılmasına səbəb olur. Amma bu paylaşımlar zamanı hədisin əsrlər boyu nəql zamanı başına gələn müsibət yenə də özünü göstərir. Belə ki, hər kəs hədisi öz dərkinə uyğun, öz sözü və dilinə yatımlı olan və bəzən də şüurlu şəkildə öz hədəf və məqsədinə "sərf edən" cümlə tərkibi ilə paylaşır (məna nəqli) və beləliklə müxtəlif statuslarda müxtəlif formalara düşən hədis öz həqiqi məna və məfhumunu itirir. Buna görə də hədisləri orjinal mənbə və qaynaqdan almaq və olduğu kimi paylaşmaq lazımdır. Əziz xətiblərimiz də xütbələrində diqqətli olmalı və məsumların (ə) sözlərini öz cümlə tərkibləri ilə deyil, hədisin orjinalında olduğu kimi nəql etməli, əks halda isə hədisin orjinalını deyil, öz başa düşdüyü məzmunu nəql etdiyini dinləyiciyə bildirməlidir. Mirməhəmməd Bəşir https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29
👍 ❤️ 😂 🙏 5

Comments