
MƏDRƏSƏ
February 14, 2025 at 04:35 AM
Nə üçün İmam Zamana (ə.f) "Quranın şəriki" deyilir?
Möminlər və ibadət əhli hər gün vacib namazlarından sonra oxuduqları ziyarətnamədə İmam Zamana (ə.f) "şərikul-Quran" (Quranın şəriki) deyərək xitab edirlər.
Çoxları soruşur ki, nə üçün İmam Zamana (ə.f) "şərikul-Quran" deyilir?
Cavab qısa olaraq belədir:
Əvvəlcə, qeyd etməliyik ki, sevimli İslam Peyğəmbərimiz (s) başda olmaqla bütün məsum imamlarımız (ə) və o cümlədən İmam Mehdi Sahibəz-Zaman (ə.f) Quranın şəriki sayılırlar. Amma İmam Mehdi (ə.f) hazırda qeybət dövrünü yaşasa da bizim aramızda və həyatda olan bir imamdır deyə, biz birbaşa ona xitab edərək Quranın şəriki deyirik.
"Quranın şəriki nə deməkdir" sualına gəldikdə isə deməliyik ki, Quranı Allah-Taala insanların hidayəti üçün göndərib. Quran bütün bəşəriyyət üçün hidayət nuru və rəhbərdir. Məsum İmam (ə) da bu sifət və xüsusiyyətdə Quranda şərikdir. Çünki Allah-Taala məsum imamı (ə) bəşəriyyətin hidayəti və şəriət qanunlarının icrasına nəzarət və rəhbərlik etmək üçün göndərib. İmam (ə) həm də Quranın hidayət nurunu bütün dünyaya yaymaq və Quranın qanunları icra etmək vəzifəsini daşıyır. Buna görə də bu işdə Quranın şəriki sayılır.
İmam Zaman (ə.f) zühur etdiyi zaman bütün dünyaya rəhbərlik edəcək və insanların dünya və axirət xoşbəxtliyi onun hakimiyyəti sayəsində reallaşacaq. Necə ki, Qurani-Kərimin də nazil edilməsinin əsas hədəfi insanları dünya və axirətdə xoşbəxt etmək və onlara kamal yolunu göstərməkdir.
Bu ifadənin (Şərikul-Quran) özü isə məşhur "səqəleyn" (siqleyn) hədisinə əsaslanır. Çünki Peyğəmbər (s) vəsiyyətində Quran və Əhli-Beyti (ə) bir-birinə tay tutaraq müsəlmanlara vəsiyyət edir. Buna əsasən də Quran və Əhli-Beyt (ə) İslam və müsəlmanların Qiyamətədək yaşamasında müştərək və şərikli rola malikdirlər.
@mirmehemmed_beshir
https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29