Maide.Az
Maide.Az
May 26, 2025 at 11:57 AM
NAMAZIN MÜQƏDDİMƏSİ Üçüncü bab: Niyyətin sirri və batini qaydaları Beşinci fəsil (50) İndi ki, söz gəlib bura yetişdi, ixlasın dərəcələrinin bəzi bura münasib olanlarına işarə etmək məcburiyyətindəyəm. İxlasın dərəcələrindən biri əməlin savab və mükafata layiq olması baxışından təmizlənməsidir. Bunun müqabilində əməlin mükafat tələbi ilə savab və əvəzə layiq olması baxışının bir-birinə qarışdırılması durur. Bunda bir növ əməldən məmnunluq var və haqq yolçusu gərək özünü ondan uzaq tutsun. Əməlin mükafata layiq olması baxışının kökü insanın özünü və Allah-Taalanı dərkinin naqisliyidir. Bu da insanın özündən və öz əməlindən razılığından, eqoistlik və lovğalığından qaynaqlanan xəbis şeytani köklərdəndir. Yazıq insan, nə qədər ki, öz əməlindən məmnundur və onu özününkü sayır və özünü işlərin sahibi bilir, bu xəstəlikdən nicat tapmaz və əməlini bu xəstəlikdən təmizləməyə nail olmaz. Buna görə də haqq yolçusu gərək səy göstərsin və qəlbi riyazət, əqli və irfani yollarla qəlbinə anlatsın ki, bütün əməllər ilahi nemətdir və Allah onları bəndənin əli ilə həyata keçirir. Əməli tövhid haqq yolçusunun qəlbində yerləşəndən sonra o, əməli özündən bilməz və savab istəməz, əksinə savabı ilahi lütf, neməti əvəzsiz bəxşiş sayar. Məsum imamların kəlamlarında, xüsusilə "Səhifeyi-Səccadiyyə"də (Allah arifi və nurani ağıl sahibi İmam Səccadın (ə) irfan səmasından nazil olan nurlu səhifələrdə) Allah bəndələrinin maddiyyat zəncirindən nicat tapmaları, onlara bəndəlik ədəbinin başa salınması və Allah dərgahında xidmətə başlamaları üçün bu ilahi incə məqam dəfələrlə vurğulanmışdır. O Jəzrət (ə) həmin kitabın 32-ci duasında buyurur: فَلَكَ الْحَمْدُ عَلَى ابتدائك بالنعم الجسام و الهامك الشُّكْرَ عَلَى الْإِحْسان "Əvəzsiz böyük nemətlər verdiyin və yaxşılığa şükür etməyi (mənə) ilham etdiyin üçün həmd yalnız Sənə məxsusdur." ("Səhifeyi-Səccadiyyə", 32-ci dua.) Digər bir yerdə buyurur: "إِذْ جَمِيعُ إِحْسَانِكَ تَفضَّلُ ، وَ إِذْ كُلُّ نِعَمِكَ ابْتِدَاء "Etdiyin bütün yaxılıqlar baxşiş, bütün nemətlərin əvəzsizdir." "Misbahuş-şəriət" kitabında buyurur: وَ النِي حَد الاخلاص بذلُ الْعَبْدِ طاقته، ثُمَّ لا يَجْعَلُ قَدْرًا فَيَوجِبُ بِهِ عَلَى رَبِّهِ لا يَجْعَلَ لِعَمَلِهِ عِنْدَ الله قَدْراً مكافاة لعمله "İxlasın ən aşağı dərəcəsi bəndənin bütün gücünü (Allahın razılığı yolunda) sərf etməsi və əməlini Allah yanında mükafatlandırılması vacib olacaq qədər dəyərli bilməməsidir." ("Misbahuş-şəriət", "al-babus-sadisu vəs-səbin fil-ixlas".) İxlasın digər bir dərəcəsi əməlin məmnunluqdan, onunla kifayətlənməkdən və ona arxayınlaşıb ürək qızdırmaqdan təmizlənməsidir. Bu da haqq yolçuluğu üçün mühüm məsələlərdəndir və buna riayət edilməməsi insanı Allaha tərəf hərəkətdə olan karvandan geridə qoyar və qaranlıq maddiyyat məhbəsində saxlayar. Həmin xüsusiyyətlər də xəbis şeytani kökdən və xudbinlikdən qaynaqlanır və  "خلَقْتَني من نَّارِ وَ خَلَقْتَهُ مِن طِينٍ”  - "Məni oddan, onu isə palçıqdan yaratmısan." ("Əraf" 12.) - deyən Şeytandan irs qalıb. Bu, insanın həm öz məqamına, həm də əzəmətli Allahın məqamına qarşı nadan olmasındandır. Əgər biçarə mümkün varlıq özünün naqislik, acizlik, zəiflik və bədbəxtliyini, Allahın əzəmət, calal və kamillik məqamını tanısa, öz əməlini əsla böyük bilməz və özünü işin əsas səbəbkarı saymaz. Biçarə dünya bazarında düzgünlüyündən əmin olandan sonra bir ili üçün bir neçə manatdan artıq dəyər verilməyən bir əməlin iki rükətinə görə sonsuz təvəqqelərə malikdir. Bir çox əxlaqi fəsadların və sadalanması uzun çəkəcək əməllərin çoxunun kökü əməldən məmnunluq və ondan razı qalaraq həmin miqdarla kifayətlənməkdir. Bu məsələyə mübarək hədislərdə də işarə edilib. Mübarək "Üsuli-Kafi" kitabında istinadı İmam Musa ibn Cəfərə (ə) gedib çıxan kəlamda o Həzrətin öz övladlarından bəzisinə belə buyurduğu nəql edilmişdir: انهُ قَالَ لِبَعْض وُلْدِهِ: يا بُنَى عَلَيْكَ بِالْجِدّ؛ وَ لا تُخْرِجَنَّ نَفْسَكَ مِنْ حَدِّ التَّقْصير في عِبَادَةِ الله عز و جل و طاعته، فإن الله لا يُعْبَدُ حَق عِبادته "Oğul, (Allaha ibadət etmək istiqamətində) çalış və özünü heç vaxt izzət və calal sahibi olan Allaha ibadət və itaətdə nöqsandan təmizə çıxarma, Çünki Allah-Taalaya Ona layiq şəkildə ibadət edilmir." ("Üsuli-Kafi", c. 3, s. 116, "kitabul-imani vəl-küfr", "babul-etirafi bit-təqsir". hədis 1.) O Həzrət (ə) digər bir hədisdə belə buyurur: وقال عليه السلام في حديث آخر : كُلُّ عَمَلٍ تُرِيدُ بِهِ الله عَزَّ وَ جَلْ فَكُنْ فِيْهِ مُقَصِّرًا عِنْدَ نَفْسِكَ؛ فَإِنَّ النَّاسَ كُلُّهُمْ فِي اعمالِهِمْ فِيها بَيْنَهُمْ وَ بَيْنَ اللهُ مُقَصِّرون الا مَنْ عَصَمَهُ اللَّهُ عَزَّ وَ جَلْ "İzzət və calal sahibi olan Allaha yaxınlaşmaq məqsədi ilə etdiyin hər bir əməldə özünü müqəssir bil. Həqiqətən, Allah-Taalanın qorudğu kəslərdən başqa bütün insanlar özləri ilə Allah arasındakı əməllərdə müqəssirdirlər". ("Üsuli-Kafi", c. 3, s. 116, "kitabul-imani vəl-küfr", "babul-etirafi bit-təqsir", hədis 4.) Həmçinin buyurur: لا تَسْتَكْثِرُوا كَثِيرَ الْخَيْرَا "Çox xeyri xeyir saymayın. (Allaha edilən ibadət və itaət hər nə qədər çox olsa, yenə azdır.)" ("Üsuli-Kafi", c. 3, s. 394, "kitabul-imani vəl-küfr", "babu istisğariz-zənb", hədis 2 və c. 4, s. 196, "babu mühasibətil-əməl", hədis 17.) "Səhifeyi-Səccadiyyə"də mələklərin vəsfində belə buyurur: الَّذِينَ يَقُولُونَ إِذا نظروا الى جَهَنَّمَ تَزْفَرُ الى اهْلِ مَعْصِيَتِكَ سُبْحَانَكَ، مَا عَبَدْنَاكَ حَقَّ عبادتك "Cəhənnəmə baxıb onun Sənə qarşı günah edənlərdən ötrü necə coşduğunu görəndə belə deyərlər: "Sən pak və bütün eyib və nöqsanlardan uzaqsan! Biz Sənə layiq olan şəkildə ibadət etmədik." ("Səhifeyi-Səccadiyyə", 3-cü dua.) Ey zəif insan! Əgər Allahın yaratdıqlarının ən dərrakəlisi və əməl baxımından ən nurlu və əzəmətlisi olan Peyğəmbər (s) aciz və müqəssir olduğunu etiraf edir və ما عَرَفْنَاكَ حَق مَعْرِفَتِكَ وَ مَا عَبَدُنَاكَ حَقَّ عِبادَتِكَ "Biz Səni layiq olduğun kimi tanımadıq və Sənə layiq olduğun kimi ibadət etmədik." - deyirsə, məsum imamlar bu müqəddəs dərgahda özlərini nöqsanlı və müqəssir göstərirlərsə, bu arıq ağcaqanadın əlindən nə gələ bilər? ("Miratul-üqul", c. 8, s. 146, "kitabul-imani vəl-küfr", "babuş-şükr".) جایی که عقاب پر بریزد از پشه لاغری چه خیزد Yani qartalın ganad saldığı yerda arıq ağcaqanad nə edə bilər?" ("Əmsal və hikəme Dehxoda", c. 2, s. 579, şairin adı qeyd edilməyib.) Bəli, onlardan bu sözləri deməyi və belə etiraflar etməyi mümkün varlığın acizliyini, vacib varlığın izzət və əzəmətini dərk etmək məqamları tələb edirdi. Biz biçarələr isə nadanlıq və müxtəlif pərdələr içində itib-batdığımız üçün lovğalanır, öyünür, əməllərimizi "gözə soxuruq". Sübhanəllah, Əmirəlmöminin (ə) necə də düzgün buyurub! O Həzrət (ə) buyurur: عُجْبُ الْمَرْءِ بِنَفْسِهِ أَحَدُ حُسَادِ عَقْلِهِ "İnsanın təkəbbürlü və özündənrazı olması onun ağlının paxıllarından (düşmənlərindən) biridir". ("Nəhcül-Bəlağə", Feyzül-İslam, s. 1172, hikmət 203.) Məgər Şeytanın aydın bir məsələni bizdən gizlətməsi və bizim onu ağıl meyarı ilə ölçməməyimiz ağılsızlıq deyil? Aydın şəkildə bilirik ki, bizim və bütün adi insanların, hətta mələklərin və mücərrəd varlıqların əməlləri Həzrət Peyğəmbərin (s) və məsum imamların əməlləri ilə müqayisədə ölçüyə gəlməyəcək qədər azdır və əsla hesaba alınası bir şey deyil. Digər tərəfdən o böyük ilahi şəxsiyyətlərin bu işdə öz naqisliklərini etiraf etmələri və onu layiqincə yerinə yetirə bilməməyi bildirmələri "mütəvatir", hətta mütəvatirdən də artıqdır. Bu iki aydın məsələ bizə bu nəticəni verir ki, gərək öz əməllərimizin heç birindən razı qalmayaq və dünyanın ömrü qədər ibadət- itaətlə məşğul olsaq belə, yenə də xəcalət çəkək və utandığımızdan başımızı aşağı salaq. Lakin bütün bunlara baxmayaraq, Şeytan bizim qəlbimizə elə nüfuz edib və ağıl və hisslərimizə elə hakim olub ki, bu aydın müqəddimələrdən nəticə çıxarmırıq və əksinə, qəlblərimizin vəziyyəti bunun tərsinədir. (İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.137-140.) Maide.az – Maarif bölümü @MaideTV
😢 1

Comments