
Maide.Az
May 30, 2025 at 12:32 PM
NAMAZIN MÜQƏDDİMƏSİ
"Adabus-səlat" kitabından
Dördüncü bab: Qiraətin bəzi batini qaydaları və sirləri (52)
Bu babda mübarək "Həmd" surəsi, həmçinin müəyyən qədər mübarək "Tövhid" və "Qədr surələri təfsir ediləcək. Bu bab kitabın ən sevimli bablarındandır və o, bir neçə bölümdən ibarətdir.
Birinci bölüm
Bu bölüm ümumilikdə Qurani-Şərifin oxunma qaydaları barəsindədir və bir neçə fəsildən ibarətdir.
Birinci fəsil
Allahın kitabının həm arif, həm də adi insanın şərik olduğu, çox gözəl nəticələr verən, qəlbin nuraniləşməsinə səbəb olan və batinə həyat bəxş edən mühüm oxunuş qaydalarından biri "təzim"dir. Bu, Quranın əzəmət, böyüklük və calalını dərk etməkdən asılıdır. Əlbəttə, bunun tam həqiqi mənada həyata keçirilməsi həm bəyan, həm də insanın bacarıq və imkanları baxımından mümkün deyil. Çünki hər bir şeyin əzəmətinin dərk edilməsi onun həqiqətinin dərk edilməsindən asılıdır. İlahi Qurani-Şərifin həqiqəti təbiət mənzillərinə nazil olmamışdan və indiki hissələrə bölünməmişdən qabaq vahidiyyət məqamında zati xüsusiyyət və elmi həqiqətlərdən olub və o, "həzrət əsmaiyyə"də (həqiqətlərin bir-birindən seçilib ayrıldığı və bir həqiqətə aid olduğu adlar mərtəbəsi) zati çarpışmadan ibarət "nəfsi kəlam"ın həqiqətidir. (Kəlam bir baxımdan iki qismə bölünür. Onların biri "ləfzi kəlam"dır, yəni danışan şəxsin ağzından tədricən çıxan hərf və kəlmələrdir. İkincisi isə "nəfsi kəlam", yəni danışanın qəlbində olan kəlamdan ibarətdir. İmam Xomeyninin nəzərincə, "nəfsi kəlam" Allah-Taalanın əhədiyyət (təklik) qeybində olan şeyi vahidiyyət məqamına zati təcəlla vasitəsi ilə izhar etməsidir - tərc.)
Bu həqiqəti heç kəs nə rəsmi elm, nə batini maarif, nə də qeybi mükaşifə ilə əldə edə bilməz və bu, yalnız kamil ilahi mükaşifə ilə "قاب قَوْسَينْ - ("iki kaman..." ("Nəcm", 9.)) - üns məclisi, yaxud gizli "أو أذنى
- ("İki kaman və ya daha az məsafə..." (Nəcm", 9.)) - sirr məqamında Həzrət Peyğəmbərə (s) əyan ola bilər. Ona bəşər övladından xalis Allah övliyalarını çıxımaq şərti ilə heç kəsin əli çatmaz. Onlar mənəvi nuraniyyət və ilahi həqiqətlərlə o müqəddəs zatın mənəviyyatı ilə şərik olur və mütləq tabeçilik vasitəsilə o Həzrətdə fani olaraq varisliklə mükaşifə elmlərini o Həzrətdən qəbul edirlər. Beləliklə, Quranın həqiqəti o Həzrətin mübarək qəlbində təzahür etdiyi nuraniyyət və kamilliklə mənzillərə enmədən və hissələrə parçalanmadan onların da qəlbinə təzahür edər. Həmin Quran təhrif və dəyişiklikdən uzaq, ilahi vəhy kitabıdır. Bu Quranı qəbul etmək imkanı olan şəxs Allahın mütləq vəlisi Əli ibn Əbu Talibin (ə) mübarək vücududur. Başqaları isə bu həqiqəti götürmək qüdrətinə malik deyillər və onlar bunu yalnız qeyb məqamından aşkar aləmə nazil olandan, müxtəlif dünyəvi formalara düşdükdən, dünyəvi kəlmə və hərf libasına büründükdən sonra qəbul edə bilərlər. Bu, təhrifin bütün ilahi kitablarda və Qurani-Şərifdə baş vermiş mənalarından biridir və bütün mübarək ayələr Allahdan dünya aləminə gələnə kimi müxtəlif məqam və dərəcə dəyişikliklərinə məruz qalaraq bəşəriyyətin ixtiyarına verilmişdir. Təhrifin dərəcələrinin sayı Quranın batini dərəcələrinin sayı qədərdir, bu fərqlə ki, təhrif mütləq qeybdən aləmlərin mərtəbələrinə əsasən mütləq aşkarlıq aləminə enməkdir, batinlər isə mütləq aşkarlıq aləmindən mütləq qeybə qayıdışdır. Deməli, təhrif ilə batinlərin mənbəyi bir-birinin əksinədir. Allah yolçusu batini mərtəbələrdən hansına nail olsa, təhrifin bir mərtəbəsindən xilas olar. Beləcə, o, mütləq batinə, yəni ümumi batinlərin yeddincisinə çatandan sonra təhrifdən tam xilas olar. Buna görə də ola bilər ki, Quran bəziləri üçün özünün bütün mənasında təhrif edilmiş olsun, bəziləri üçün bəzi mərtəbələrində, bəziləri üçün isə heç təhrif edilmiş olmasın. Ola da bilər ki, bir nəfər üçün bir halda təhrif edilmiş, bir halda təhrif edilməmiş olsun, başqa bir halda isə təhrifin bəzi növlərinə məruz qalmış olsun.
Bildiyimiz kimi, Quranın əzəmətinin dərk edilməsi idrakın imkanları çərçivəsindən xaricdir. Lakin nazil olmuş və hamının əlində olan bu kitabın əzəmətinə müxtəsər işarə etməyin faydaları çoxdur.
Əzizim, bil ki, hər bir kitab və ya kəlamın əzəməti ya onun müəllifi, ya da sahibinin əzəmətinə mütənasibdir. Eyni zamanda, kitabda olan mətləblərin əzəməti, ya onun nəticə və səmərələrinə, yaxud da onu gətirən elçi və qasidin əzəmətinə və ya onun göndərildiyi şəxsin böyüklüyünə, ya da onu qoruyan və saxlayanın, ya da onu şərh edən və ya ona şərh yazan və ya izah verənin əzəmətinə mütənasibdir və göndərilmə vaxtı və formasına uyğundur. Bunların bəzisinin zatən və birbaşa əzəmətə aidiyyəti var, bəzisinin vasitə və dolayısı ilə, bəzisi də əzəmətdən xəbər verir. Qeyd edilən bu məsələlərin hamısı bu nurani səhifədə (Quranda) ən yüksək və dolğun şəkildə mövcuddur və hətta bunlar elə ona məxsus xüsusiyyətlərdir. Başqa kitablarda bu cəhətlər ya ümumiyyətlə yoxdur, ya da bütün mərtəbələri ilə mövcud deyil.
Bu kəlamın müəllif və sahibinə gəldikdə, O elə bir mütləq əzəmət sahibidir ki, yer və göy aləmlərində təsəvvür edilə bilən bütün əzəmətlər, qeyb və aşkarda olan bütün qüdrətlər O müqəddəs zatın işinin əzəmətinin təzahürünün sızıntısıdır. Allah-Taalanın heç kəs üçün əzəmətlə təzahür etməsi mümkün deyil və O, minlərlə pərdə arxasından təzahür edər. Hədislərdən birində deyilir:
ان الله سبعين الف حجاب من نور و ظلمة لو كشفت، لا حَرَقَتْ سُبُحاتُ وَجْهِهِ دُونَهُ
"Həqiqətən, Allahın nur və zülmətdən yetmiş min pərdəsi var. Əgər həmin pərdələr kənara çəkilsə, Onun üzünün nuru hər şeyi yandırar". ("Biharul-ənvar", c. 55, s. 45.) Bu hədis əhli-sünnə vasitəsi ilə nəql edilmişdir.
Mərifət əhlinin nəzərincə, bu mübarək kitab Allah-Taaladan bütün zat, sifət və feil məqamları, bütün camal və calal təzahürləri ilə ayrılıb və digər səma kitabları bu məqam və dərəcəyə malik deyildirlər.
Onun məzmun, məqsəd və mətləblər baxımından əzəmətinə gəldikdə isə, qeyd etmək istərdik ki, onun bir hissəsinin qələmə alınması üçün ayrı bir fəsil, hətta fəsillər, bab və kitablar hazırlanması tələb edilir. Biz ayrı bir fəsildə müxtəsər olaraq onun ümumi cəhətlərinə toxunacağıq. Allahın istəyi ilə həmin fəsildə onun nəticə və səmərələr baxımından əzəmətinə işarə edəcəyik.
Vəhy elçisinin və onun çatdırılma vasitəsinin əzəmətinə gəldikdə, o, əmanətdar Cəbrail, əzəmətli Ruhdur. Peyğəmbər (s) bəşərilik libasından çıxıb qəlbini əzəmət sahibinə tərəf istiqamətləndirdikdən sonra o əzəmətli ruha birləşər. Bu, gerçəklik aləminin dörd sütunundan biri, hətta onun sütunlarının ən əzəmətlisi, növlərinin ən şərəflisidir. Çünki bu mübarək zat elm və hikmət üçün vəkil edilmiş mələk, mənəvi ruzi və ruhi qidaların sahibidir. Allahın kitabından və mübarək hədislərdən belə məlum olur ki, Cəbrail əzəmətli və digər mələklərdən üstündür. ("Şuəra", 193; "Nəcm", 5-9, "Təkvir" 19-24; "Biharul-ənvar", c. 56, s. 258, "kitabus-səma vəl-aləm", "əbvabul-məlaikə", "babun axər fi vəsfil-məlaikətil-müqərrəbin", hədis 23-24.)
Onun göndərildiyi və onu qəbul etməli olanın əzəmətinə gəldikdə, qeyd etmək lazımdır ki, bu, Həzrət Muhəmmədin (s) pak, təmiz, nurlu və geniş qəlbidir. Allah-Taala zat, sifət, ad və feil məqamlarının hamısı ilə həmin qəlbə təzahür edib. O Həzrət (s) peyğəmbərliyin xətmidir və mütləq vilayət məqamına malikdir. O, yaradılmışların ən əzizi, məxluqatın ən əzəmətlisi, varlıq aləminin xülasəsi, vücudun cövhəri, gerçəklik aləminin şirəsi, axirətin xammalı, böyük Bərzəx və əzəmətli canişinlik məqamının sahibidir.
Onun qoruyucusuna gəldikdə, bu, əzəmət və calal sahibi olan müqəddəs zatdır. O, mübarək ayədə buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
"Şübhəsiz ki, bu zikri (Quranı) Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq. ("Hicr", 9.)
Onun şərhçilərinə gəldikdə, bunlar Peyğəmbərdən (s) tutmuş əsrin höccəti İmam Məhdiyə (ə) kimi olan pak və məsum zatlardır. Onlar varlıq aləminin açarı, əzəmət xəzinələri, hikmət və vəhy mədənləri, maarif və irfanın sütunları və "cəm" və "təfsil" məqamının sahibləridir.
Vəhyin vaxtına gəldikdə, o, ən əzəmətli gecələrdən olan və min aydan xeyirli, ən nurani zamanlardan olan Qədr gecəsidir. Qədr gecəsi Allahın mütləq vəlisi və peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədə (s) vəhyin gəldiyi vaxtdır.
Vəhyin necəliyi və onun təşrifatının izahı bu müxtəsər fəslin imkanları xaricindədir və onun izah edilməsi üçün ayrıca bir fəslə ehtiyac var. Bu geniş bir mövzu olduğu üçün biz onun barəsində danışmaq fikrindən daşınırıq.
(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.142-145.)
Maide.az – Maarif bölümü
@MaideTV
❤️
2