
Maide.Az
June 2, 2025 at 12:25 PM
NAMAZIN MÜQƏDDİMƏSİ
Dördüncü bab: Qiraətin bəzi batini qaydaları və sirləri (53)
İkinci fəsil: Allahın mübarək kitabının hədəf və məzmununun müxtəsər şəkildə, bir neçə işarə ilə bəyanı
Bil ki, bu mübarək kitab özünün də vurğuladığı kimi, insanlıq üçün bələdçi, ruhlar üçün tərbiyəçi, qəlb xəstəlikləri üçün şəfa və Allah yolunda nurdur. Xülasə, Allah-Taala bəndələrinə olan mərhəmətinin genişliyi səbəbindən bu mübarək kitabı Öz müqəddəs dərgahından nazil edib. Allah-Taala onu aləmlərə uyğun endirib və o, nəhayət, bu zülmət aləmə və təbiət məhbəsinə çatıb və kəlmə libası geyinərək hərf şəkilinə düşüb. Bütün bunlarda məqsəd qaranlıq dünya zindanında həbs edilmişlərin xilası, ümid və arzu zəncirlərində əsir olanların qurtuluşu, onların naqislik, zəiflik və heyvanlıq dərəsindən kamillik, qüvvət və insanlıq zirvəsinə, Şeytanın yanından mələklərlə yoldaşlığa, hətta Allah övliyalarının ən böyük hədəf və məqsədləri olan Allah dərgahına yaxınlıq məqamına qovuşmağa və ilahi vüsala çatdırmaqdır. Bu kitab bu baxımdan haqqa və xoşbəxtliyə dəvət kitabı, bu məqama çatmağın necəliyinin bəyanıdır. Onun məzmunu ümumilikdə bu ilahi səfər və hərəkətdə rolu olan və ya haqq yolçusuna və Allaha tərəf səfərdə olan şəxsə yardım edən şeylərdir. Ümumilikdə, onun mühüm hədəflərindən biri Allahın dərk edilməsinə dəvət və Allahın zatı, adları, sifətləri və işləri kimi ilahi maarifın bəyan edilməsidir. Bu hədəflərin içində hamısından əhəmiyyətlisi zati tövhid, adlarda tövhid və feli tövhiddir ki, onların bəzisi tam aydın, bəzisi isə işarə ilə qeyd edilmişdir. Bilmək lazımdır ki, qeyd edilən təlimlər zati tövhiddən tutmuş feli tövhidə kimi bu hərtərəfli ilahi kitabda elə qeyd edilib ki, hər bir təbəqə onu öz istedadı səviyyəsində dərk edə bilir. Məsələn, tövhid, xüsusilə feli tövhid barəsindəki mübarək ayələri zahiri mənaları əsas götürən alimlər, mühəddislər və fəqihlər (Allah onların hamısından razı olsun) elə izah və təfsir edir ki, mərifət əhli və batini mənaları əsas götürən alimlərin təfsirləri ilə tam ziddiyyət təşkil edir. Biz onların hər ikisini öz yerində düz sayırıq. Çünki Quran batini dərdlərin dərmanıdır və hər xəstəni bir cür sağaldır. Məsələn,
هُوَ الأَول وَ الْآخِرُ وَالظَّاهِرُ وَ البَاطِنُ
"O, əvvəl və axır, aşkar və gizlindir". ("Hədid", 3.)
الله نور السمواتِ وَ الْأَرْضِ
"Allah göylərin və yerin nurudur". ("Nur", 35.)
هُوَ الَّذِي فِي السَّمَاءِ اللَّه وَ فِي الْأَرْضِ اللَّهُ
"Göylərdə də, yerdə də məbud Odur". ("Zuxruf", 84.)
هُوَ مَعَكُم
"O, sizinlədir". ("Hədid", 4.)
اينما تُوَلُّوا فَثَمَّ وَجْهُ الله
"Hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır". ("Bəqərə", 115.)
Və digər ayələr zati tövhid, Həşr surəsinin son ayələri və digər ayələr sifətlərdə tövhidə dəlalət edir.
وَ مَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَ لكِن الله رمى
"Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı". ("Ənfal", 17.)
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمين
"Həmd və sitayiş aləmlərin idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdan olan Allaha məxsusdur". ("Fatihə", 2.)
يُسَبِّحُ اللَّه ما في السَّمواتِ وما في الأرض
""Göylərdə və yerdə nə varsa (hamısı) daim Allahı zikr edir". ("Cümə", 1; Təğabun", 1.)
Bu ayələr isə feli tövhid barəsindədir və onların bəzisi dəqiq, bəzisi isə daha dəqiq və incə irfani məqamlara dəlalət edir. Bunlar həm zahiri, həm də batini əsas götürən alimlərin hər biri üçün ayrı-ayrılıqda şəfadır. Bəzi mübarək ayələr, məsələn, "Hədid" surəsinin ilk ayələri və mübarək "Tövhid" surəsi "Üsuli-Kafi" kitabındakı hədisə əsasən, axirəzzamandakı dərin düşüncə sahibləri barəsində olsa da, onda zahiri məna əhlinin də payı var. ("Üsuli-Kafi, c. 1, s. 123, "kitabut-tövhid", "babun-nisbət", hədis 3.)
Bu, həmin mübarək kitabın möcüzələrindən və hərtərəfli olmasındandır. Onun hədəf və mətləblərindən biri də ruhların paklanması, batinlərin maddiyyat çirklərindən təmizlənməsi, xoşbəxtlik əldə edilməsi, xülasə, Allaha tərəf getməyin yollarının necəliyinin bəyanıdır. Bu məsələ iki mühüm hissəyə bölünür. Onlardan biri təqva və onun bu məfhum altında olan bütün mərtəbələridir.
Təqvada məqsəd Haqdan başqa hər şeydən çəkinmək və Allahdan qeyri hər şeydən üz döndərməkdir.
Onun ikincisi isə iman və onun bu məfhum altında olan bütün mərtəbələridir ki, o, haqqa üz tutmaqdan və müqəddəs zata tərəf qayıtmaqdan ibarətdir. Bu, həmin mübarək kitabın mühüm hədəflərindəndir və onun mətləblərinin əksəriyyəti birbaşa və ya dolayısı ilə bu hədəfə qayıdır.
Bu ilahi səhifənin mətləblərindən biri də peyğəmbərlərin, övliya və hikmət sahiblərinin hekayətləri, Allahın onları, onların isə insanları necə tərbiyə etmələridir. Bu hekayətlərdə saysız-hesabsız faydalar, çoxsaylı təlimlər mövcuddur. Həmin hekayətlərdə o qədər ilahi maarif, təlim və tərbiyəvi məqamlar var ki, insanın ağlı heyran qalır. Allah pak, nöqsanlardan uzaqdır və həmd Ona məxsusdur! Adəmin (ə) yaradılması, mələklərə ona səcdə etmələrinə əmr edilməsi, adların ona öyrədilməsi və İblislə Adəm (ə) arasındakı hadisələrin Allahın kitabında dəfələrlə qeyd edilmiş hekayətində o qədər, təlim, tərbiyə, elm və maarif var ki, "qəlbi olan və ya şahid olaraq qulaq asan kəsi heyran qoyur. ("Qaf", 37.)
Adəm (ə), Musa (ə), İbrahim (ə) və digər peyğəmbərlər barəsindəki Quran hekayətlərinin dəfələrlə təkrar edilməsi də həmin məqama - bu kitabın hekayə və tarix kitabı olmamasına görədir. Quran Allaha doğru hərəkət, tövhid, maarif, moizə və hikmər kitabıdır. Bu işlərdə məqsəd məsələnin daşlaşmış ruhlara təsir etməsi və qəlblərin ondan ibrət götürmələri üçün təkrar edilməsidir. Başqa sözlə, təlim, tərbiyə, insanları doğru yola dəvət etmək üçün müjdə və ya qorxutmaq üsulundan istifadə etmək istəyən kəs gərək öz məqsədini qarşı tərəfə müxtəlif və fərqli ifadələrlə bəzən hekayət şəklində, bəzən tarixi nəql formasında, bəzən aydın şəkildə, bəzən üstüörtülü, məsəl və işarə ilə çatdırsın ki, fərqli ruh və qəlb sahiblərinin hamısı ondan yararlana bilsin.
Bu mübarək kitab bütün siniflərin, bəşəriyyətin bütün təbəqələrinin səadəti üçün nazil olub. İnsanlar qəlb, adət, əxlaq, zaman və məkan baxımından bir-birindən fərqli olduqları üçün onların hamısını haqqa eyni şəkildə dəvət etmək mümkün deyil. Ola bilər bəziləri təlimlərin açıq-aydın qəbul edilməsinə və mətləbin sadə dillə deyilməsinə hazır olmasın, ondan təsirlənməsinlər. Bunları öz düşüncələrinə uyğun dəvət etmək və məqsədi onlara həmin tərzdə başa salmaq lazımdır. Bəzilərinin də hekayət, tarix və sərgüzəştlərlə işi olmur və məsələnin məğzinə daha çox maraq göstərirlər. Bunları əvvəlki dəstə ilə eyni tərəziyə qoymaq olmaz. Bəzi qəlblər də təhdid və qorxutmağa yararlıdırlar. Bəzi qəlblər isə vədə və müjdə ilə yola gəlirlər. Odur ki, bu mübarək kitab insanları haqqa müxtəlif yol və fərqli üsullarla dəvət edib və belə bir kitabda təkrarın olması qəti və labüddür. Əgər dəvət və moizədə təkrar olmasa, o, bəlağətdən kənardır və ondan gözlənilən şey, yəni ruhlara təsir təkrarsız hasil olmur.
Buna baxmayaraq, bu mübarək kitabda hadisələr elə şirin baş verir ki, adamı yormur. Əksinə, hər dəfə məsələnin əsli təkrar ediləndə onun kənarında başqalarında olmayan xüsusiyyət və əlavələr də olur. Hər dəfə nəzərdə mühüm irfani və ya əxlaqi bir məqam tutulur və hadisə onun ətrafında dövr edir. Bu mətləbin bəyanı Quran hekayətlərinin hamısının tam şəkildə araşdırılmasını tələb edir ki, o da bu kiçik kitaba yerləşməz. Bu zəif və aciz bəndənin arzularından biri Allahın köməyi ilə Quran hekayətləri və onlarda olan sirr və rəmzlərin açılması, təlim-tərbiyəyə aid məqamların bacardığım qədər üzə çıxarılması barədə kitab yazmaqdır. Hərçənd mənim kimisinin belə bir iş görməyi arzulaması xam xayal və puç arzudan başqa bir şey deyil.
(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.145-148)
Maide.az – Maarif bölümü
@MaideTV