
Maide.Az
June 4, 2025 at 09:02 AM
DUA GÜNÜ
05 may 2025-ci il Ərəfə günüdür
“Ərəfə” Allah-Taalanın rəhmət və bəxşiş qapılarını Öz bəndələrinin üzünə açdığı bir gündür. Dönüş günüdür; Allaha doğru dönüş! Elə bir gün ki, ümidsizlikdən söz gedə bilməz; elə bir gün ki, möminlər möhtac əllərini Allaha doğru qaldırır, dua edirlər: “İlahi! Bu günü günahlarımızın qürubu ilə qüruba yetir!”
Dua və raz-niyaz bəşərin fitri ehtiyacı, həyatın gövhəri və ruhu, eşq və məhəbbətin nişanəsidir. Duasız və raz-nyazsız həyat soyuq və ruhsuzdur. Münacat və sitayişə layiq yeganə məhbub və məşuq Allahdır.
Biz hər zaman, hər bir məkanda, hər hansı bir dillə öz Rəbbimizi çağırıb Onunla raz-niyaz edə bilərik. Lakin bəzi günlər və bəzi dualar fərqli xüsusiyyətlərə malikdir. Belə ki, xüsusi və əlamətdar günlərdə dua etmək və məsumlardan nəql olunmuş bəzi duaları oxumaqla Öz Rəbbimizlə dərin və mənalı rabitə qura bilərik. Çünki həmin dualar elə insanların dilindən nəql olunmuşdur ki, onların kəlamı nurdur, xüsusi fəsahət, bəlağət və üsluba sahibdir, insana bəsirət və mərifət bəxş edir. “Ərəfə” günü oxunan “Ərəfə” duası elə bu qəbildəndir.
İmam Sadiqdən (ə) belə nəql olunur: “Mübarək Ramazan ayında bağışlanmayan bir kəs “Ərəfə” gününü dərk edərsə bağışlanar.”
Bu rəvayətə əsasən, kimsə mübarək Ramazan ayında ilahi məğfirətə şamil olmayıbsa, şübhəsiz, “Ərəfə” günü Allah-Taaladan məğfirət və bağışlanma diləyərsə, buna nail olar!
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Əfərə günü Allah-Taala “Ərəfat” səhrasında Onun dərgahında səf çəkən, aşiqanə və arifanə zümzümələri “Ərəfat” səhrasını bürüyən arif bəndələri ilə öyünür və mələklərinə buyurur: “Ey mənim mələklərim! Bəndələrimə bir baxın, uzaq və yaxından bir çox çətinliklərə sinə gərib, bura toplaşmışlar. Sizi şahid tuturam ki, Mən onların istəklərini rəva qıldım, yaxşılarına görə günahkarlarını da bağışladım!”
Odur ki, “Ərəfə” günü fürsəti qənimət bilməli, onun dəqiqələrindən səmərəli istifadə etməliyik! Mövlamız Hüseyn (ə) “Ərəfə” günü Allahın hüzurunda ikən, necə də aşiqanə və sadiqanə deyirdi:
ماذا وَجَدَ مَنْ فَقَدَکَ؟ وَ مَا الَّذی فَقَدَ مَنْ وَجَدَکَ؟ لَقَدْ خابَ مَنْ رَضِیَ دونَکَ بَدَلاً...
“Səni itirən nə tapdı? Səni tapan nə itirdi? Səndən başqasına razı olan və Səndən başqasını sevən şəxs, doğrudan da, ziyan etmişdir.”
Allahdan istəyirik ki, bu mübarək gündə istək və dualarımızı qəbul etsin!
Maide.Az - Maarif bölümü
https://t.me/MaideTV
🙌
❤️
🤲
4