
Maide.Az
June 7, 2025 at 01:57 PM
NAMAZIN MÜQƏDDİMƏSİ
Dördüncü bab: Qiraətin bəzi batini qaydaları və sirləri (54)
İkinci fəsil: Allahın mübarək kitabının hədəf və məzmununun müxtəsər şəkildə, bir neçə işarə ilə bəyanı
Xülasə, peyğəmbərlərin hekayətlərinin, onların rəftar və davranışlarının necəliyinin, Allah bəndələrini necə tərbiyə etmələrinin, hikmətli kəlam, moizə və sağlam mübahisələrinin nəql edilməsi Allah-Taalanın Öz bəndələrinin üzünə açdığı ən böyük maarif və hikmət, ən yüksək səadət və təlim qapılarındandır. Mərifət əhli və irfan yolçuları onlardan çox faydalanır, kifayət qədər yararlanırlar. Əlbəttə ki, digərləri də lazımınca pay götürür, çox bəhrələnirlər. Məsələn, mərifət əhli mübarək
فلما جَنَّ عَلَيْهِ الَّيْل رَءَا كَوْكَبًا
"Gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü.." ("Ənam", 76.) - ayəsindən Həzrət İbrahimin (ə) mənəvi haqq yolçuluğunun necəliyini dərk edir, Allaha tərəf gedən mənəvi yolu öyrənir, təbiətin "gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman..." - cümləsi ilə ifadə edilən zülmətinin dərinliyindən başlayıb xudbinlik, özündənrazılığın tam şəkildə atılması və tərk edilməsinə, müqəddəs məqama çatıb
وَجْهُتُ وَجْهِيَ للذي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضِ
"Mən üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam..." ("Ənam", 79.) - ayəsi ilə işarə edilən üns məclisinə daxil olmağa kimi gedib çıxan batini və mənəvi səfərin həqiqətini öyrənirlər. Digərləri də ondan zahiri seyri və Həzrət İbrahimin (ə) öz ümmətini təlim-tərbiyə üsulunu başa düşürlər.
Beləcə, Quranın digər hekayətlərində, məsələn, Həzrət Adəm (ə), İbrahim (ə), Musa (ə), Yusif (ə) və İsanın (ə) hekayətlərində, eləcə də Musa (ə) ilə Xızrın (ə) görüşü kimi hekayətlərdə mərifət, riyazət və cihad əhlinin, həmçinin başqalarının qənaətləri bir-birindən fərqlənir. Bu hissədə ya Allahın hikmət və moizələri müstəqil məqsəd olur və O, münasib məqamlarda bəndələrini doğru yola dəvət edir, ya da məsələn, mübarək "Tövhid" surəsində, "Həşr" surəsinin sonlarında, "Hədid" surəsinin əvvəllərində və bu mübarək ilahi kitabın digər yerlərində olduğu kimi, ilahi maarif, tövhid və Onun "tənzihi" (bütün eyib və nöqsan sifətlərdən paklığı) hədəf olur. Arif və pak qəlb sahiblərinin bu hissədən əldə etdikləri bəhrələr saysız-hesabsızdır. Məsələn, mərifət əhli
وَ مَن يَخْرُجُ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهُ
"Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir". ("Nisa", 100.) - ayəsindən nafilə ilə fərizənin yaxınlığı mənasını başa düşür, halbuki başqaları zahiri bədənlə çıxmaq (məsələn, Məkkə və ya Mədinəyə hicrət etmək) mənasını başa düşürlər. Yaxud mübarək
"قد أفلح من زكنها وَ قَدْ خَابَ مَن دَسْنَهَا"
"Nəfsini təmizləyən kəs şübhəsiz, nicat tapmışdır. Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!" ("Şəms", 9-10.)
və digər ayələrdə ruhların paklanmasına və batini riyazətə dəvət edilir. Yaxud da məlum olduğu kimi, saleh əmələ dəvət edilir. Yaxud da bunların qarşı-qarşıya qoyulmasından çəkindirilir. Loğmanın və Əshabi-Kəhf kimi digər böyük şəxsiyyətlərin və möminlərin hikmət və hekayətləri də bu hissəyə daxildir ki, bu ilahi səhifənin müxtəlif yerlərində qeyd edilmişdir. Bu nurani səhifədə olan mətləblərdən biri də kafirlərin, inadkarların, haqq və həqiqət düşmənlərinin, peyğəmbərlərin və övliyaların düşmənlərinin vəziyyətlərinin bəyanı, onların işlərinin sonunun açıqlanması, onların necə bəlaya düçar və həlak olmalarıdır. Bunlara misal olaraq Firon, Qarun, Nəmrud, Şəddad, "Fil sahibləri" və digər kafir və günahkarları göstərmək olar ki, bu hekayətlərin hər birində başa düşənlər üçün moizə, hikmət və maarif mövcuddur. Məlun İblisin hekayətləri də bu hissəyə daxildir. Həzrət Peyğəmbərin (s) müharibələri də bu hissəyə daxildir. Əlbəttə, bu, müstəqil bir bölüm də ola bilər. Bunlarda da mübarək mətləblər qeyd edilmişdir.
Onlardan biri müsəlmanların qəflət yuxusundan ayılmaları, haqqı bərqərar edərək batilin məhv edilməsi istiqamətində Allah yolunda çalışmağa sövq edilmələri üçün Peyğəmbər (s) səhabələrinin göstərdikləri əzmkarlıqların bəyan edilməsidir.
Qurani-Şərifin mətləblərindən biri də şəriətin zahiri qanunlarının, qaydalarının və ilahi ənənələrin bəyan edilməsidir. Bu nurani kitabda onun ümumi və mühüm prinsipləri qeyd edilmişdir. Bu bölümdə əsas məsələ namaz, zəkat, xüms, həcc, oruc, cihad, nikah, irs, qisas, cəza, ticarət və bu kimi mətləblərin əsas qayda-qanunlarına dəvətdir. Çünki şəriətin zahiri elmi olan bu bölüm ümumi mənfəətli və dünya və axirətin abadlaşdırılması baxımından bütün təbəqələr üçün faydalıdır və bütün ictimai siniflər ondan özlərinə görə bəhrələnirlər. Buna görə də Allahın kitabında onlara çox dəvət edilib. Hədislərdə də onların xüsusiyyət və xırdalıqları çox açıqlanmışdır. Şəriət alimlərinin bu sahədə yazdıqları kitablar digər sahələrdən daha çoxdur. Qurani-Şərifin mətləblərindən biri də məadın vəziyyəti və onun isbatı üçün gətirilən dəlillər, əzab və cəzanın, savab və mükafatın, Cənnət və Cəhənnəmin, nemət və cəzanın necəliyidir. Bu bölümdə mərifət əhli, dərgaha yaxın olanlar, riyazət əhli, ariflər, ibadət əhli və abidlər kimi səadət əhlinin vəziyyət və dərəcələri, həmçinin kafirlərin, Allahı tanımaqdan uzaq insanların, münafiqlərin, inadkarların, günahkarlar və fasiqlər kimi bədbəxtlərin vəziyyət və dərəcələri qeyd edilmişdir. Lakin bu arada hamı üçün daha çox faydalı olan şeylər daha çox və aydın qeyd edilib. Hansısa məxsus bir sinif üçün faydalı olan şeylər isə rəmz və işarə ilə qeyd edilib. Məsələn, bir dəstə üçün
وَرِضْوَانٌ مِّنَ اللهِ أَكْبر
"Allah tərəfindən olan razılıq daha böyükdür". ("Tövbə", 72.)
və ilahi vüsal barəsindəki digər ayələr, başqa bir dəstə üçün
كُلَّا إِنَّهُمْ عَن رَّبِّهُمْ يَوْمَئِذٍ الْمُحْجُوبُونَ
"Belə deyil, şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar". ("Mutəffifin", 15.) - ayəsi rəmz və işarədir. Bu bölümdə, yəni məad və Allah dərgahına dönüşün təfsilatı barəsindəki bölümdə saysız-hesabsız təlimlər və çox ağır sirlər var və onların necəliyindən yalnız dəlilə əsaslanan rəftar və irfani nur ilə xəbərdar olmaq mümkündür.
Bu ilahi səhifənin mətləblərindən biri də haqqın və ilahi maarifin isbatı üçün gətirilən dəlillərin quruluşudur. Həmin dəlillər bəzən Allah-Taalanın Özü tərəfindən gətirilmişdir. Buna misal olaraq haqqın, tövhidin, Allahın bütün eyib və nöqsanlardan pak və uzaq olmasının, elm və qüdrətinin, həmçinin digər kamal sifətlərin isbatı üçün gətirilən dəlilləri göstərmək olar. Bu bölümdə bəzən elə incə və dəqiq dəlillər gətirilir ki, ondan yalnız mərifət əhli faydalanır. Məsələn, buyurur:
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُو
"Allah Ondan başqa bir məbudun olmamasına şəhadət verdi". ("Ali-İmran", 18.)
Bəzən də elə dəlillər gətirilir ki, onu hikmət sahibləri və alimlər bir cür başa düşürlər, avam insanlar bir başqa cür. Buna misal olaraq mübarək
لوْ كَانَ فِيهِمَا ءَالَهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا
"Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, onların hər ikisi xarab (zay) olardı". ("Ənbiya", 22.) - ayəsini, müqəddəs
" إِذَا لَّذَهَبَ كُلُّ إِلَاهِ بِمَا خَلَق
"Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı". ("Muminun", 91.) - ayəsini, həmçinin "Hədid" surəsinin ilk ayələrini, "Tövhid" surəsini və digər ayələri göstərmək olar. Məadın, ruhların Allah dərgahına qayıdışının, digər aləmin yaradılışının, mələklərin və peyğəmbərlərin isbatı üçün gətirilən dəlillər də həmin ayələrdəndir və bu müqəddəs kitabın müxtəlif yerlərində onlara rast gəlmək mümkündür. Bunlar Allah-Taalanın Özünün gətirdiyi dəlil-sübutlar idi. Bəzi ayələrdə də Allah-Taala peyğəmbərlərin və alimlərin gətirdikləri dəlilləri nəql etmişdir. Buna misal olaraq Həzrət İbrahimin (ə) və başqalarının gətirdiyi dəlillərin nəql edilməsini göstərmək olar. Bunlar bu ilahi kitabın mühüm mətləbləri idi. Əlbəttə, onda digər müxtəlif mətləblər də mövcuddur ki, onların hamısının sadalanması geniş vaxt tələb edir.
(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.148-150)
Maide.az – Maarif bölümü
@MaideTV