
Maide.Az
June 9, 2025 at 11:04 AM
NAMAZIN MÜQƏDDİMƏSİ
Dördüncü bab: Qiraətin bəzi batini qaydaları və sirləri (55)
Üçüncü fəsil
İndi, bu ilahi səhifənin hədəf və mətləblərini bildikdən sonra gərək başqa bir mühüm məsələni nəzərə alasan. Həmin mühüm məqama diqqət etsən, bu mübarək kitabdan istifadə yolun asanlaşar və qəlbinə maarif və hikmət qapıları açılar. Barəsində danışdığımız məsələ bu müqəddəs ilahi kitaba öyrənmək gözü ilə baxmaq və onu təlim, faydalanmaq kitabı bilmək, ondan öyrənməyi, bəhrələnməyi özünə borc bilməkdir. Bizim bu öyrənmək, faydalanmaq və bəhrələnməkdə məqsədimiz ondan ədəbi məqamları, morfologiya və sintaksisi, yaxud fəsahat və bəlağəti, bəyan və ritorik məqamları öyrənmək, yaxud onun hekayətlərinə tarixi nöqteyi-nəzərdən və keçmiş ümmətlərin tarixini öyrənmək məqsədi ilə baxmaq deyil. Bunların heç biri Quranın hədəflərindən deyil və onlar bu ilahi kitabın əsas hədəflərindən çox uzaqdır.
Bizim bu böyük kitabdan az istifadə etməyimizin və az faydalanmağımızın səbəbi də budur. Belə ki biz əksər hallarda ona öyrənmək gözü ilə baxımırıq və onu yalnız savab olsun deyə oxuyuruq. Buna görə də onun tacvid qaydalarından başqa digər cəhətlərinə diqqət etmirik. İstəyirik Quranı üzündən daha düzgün oxuyaq ki, bizə savab versinlər. Beləcə, həmin həddə qalır və bu işlə kifayətlənirik. Buna görə də qırx il Quran oxuyuruq, amma üzündən oxumaq savabından başqa heç nə əldə etmirik. Yaxud əgər məqsədimiz öyrənib öyrətmək olsa, onun bəyan və bəlağət məqamlarını, möcüzəvi cəhətlərini, bundan bir az da yuxarını, məsələn, tarixi cəhətləri, ayələrin nazilolma səbəblərini, nazilolma vaxtını, ayə və surələrin Məkkə və ya Mədinədə nazil olmasını, qiraət fərqlərini, müxtəlif məzhəb müfəssirlərinin fərqli baxışlarını, əsas hədəfdən xaric olan və insanın Qurandan uzaq düşməsinə səbəb olan, ilahi zikri yaddan çıxaran bu kimi məsələləri öyrənməklə məşğul oluruq. Hətta bizim böyük müfəssirlər də özlərinin əsas səylərini bu cəhətlərdən birinin və ya bir neçəsinin öyrənilməsinə sərf ediblər və insanların üzünə təlim qapılarını açmayıblar.
Bizim nəzərimizcə, indiyə kimi Allahın kitabının təfsiri yazılmayıb. Ümumiyyətlə, kitabın "təfsir edilməsi" ifadəsinin mənası həmin kitabın hədəflərinin şərh edilməsidir. Onda əsas diqqət kitab sahibinin məqsədinin bəyan edilməsi olmalıdır. Müfəssir gərək Allah-Taalanın Özünün də şəhadət verdiyi kimi, hidayət, təlim və insanlıq yolunun nuru olan bu müqəddəs kitabın hər hekayətində, hətta hər ayəsində qarşı tərəfi qeyb aləminə hidayət etsin və ona səadət, mərifət və insanlıq yolunu aşılasın. Müfəssir bizə təfsirlərdə qeyd edilən nazilolma səbəbini deyil, ayənin nazil olmasının hədəf və məqsədini başa salanda müfəssir olur. Məsələn, Allah-Taalanın dəfələrlə Öz kitabında nəql etdiyi Adəm (ə) ilə Həvvanın (ə) hekayətində, onlarla İblisin arasında yaradılışın əvvəlindən, hələ onlar yer üzünə gələnə qədər baş verən hadisələrdə çoxlu sayda maarif, moizə və sirlər var və onlar bizi nəfsin nöqsanları, şeytani əxlaq və onun kamillikləri ila nə qədər çox tanış etsə də, biz onlardan qafilik.
Xülasə, Allahın kitabı mərifət, əxlaq, səadət və kamala dəvət kitabıdır. Təfsir kitabı da gərək irfani-əxlaqi olsun və həm irfani və əxlaqi cəhətləri, həm də səadətə dəvətin digər cəhətlərini bəyan etsin. Bu cəhətdən qafil olan, ya üstündən keçən ya əhəmiyyət verməyən müfəssir Quranın məqsədindən, kitab nazil etmək və peyğəmbər göndərməyin əsas hədəfindən xəbərsizdir. Bu, İslam ümmətini əsrlərdir Qurani-Şərifdən bəhrələnməkdən məhrum etmiş və hidayət yolunu insanların üzünə bağlamış böyük səhvlərdəndir. Biz hədəfin nə olmasını əqli və məntiqi dəlillərdən bilsək də, gərək Allahın kitabının nazil edilməsinin hədəfini onun özündən öyrənək. Çünki kitab sahibi hədəfinin nə olduğunu daha yaxşı bilir.
İndi biz bu kitab sahibinin Quranın məqamı barəsindəki kəlamlarına nəzər salaq və görək bu barədə Onun Özü nə buyurur:
ذالك الْكِتَبُ لَا رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ
"Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir. ("Bəqərə", 2.)
Allah-Taala bu ayədə Quranı hidayət kitabı adlandırmışdır. Həmçinin görürük ki, kiçik bir surədə bir neçə dəfə bu ayəni təkrar edir:
وَ لَقَدْ يَسَّرْنَا الْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
"Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?" ("Qəmər", 17.)
Həmçinin buyurur:
و أنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَينَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
"Və Biz bu zikri (Quranı) sənə (bir dəfəyə) nazil etdik ki, insanlara onlara (tədricən) nazil olanı açıqlayasan və bəlkə düşündülər". ("Nəhl", 44.)
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لَيَدْبُرُوا آيَاتِهِ وَ لِيَتَذَكَّرَ أَوْلُوا الْأَلْبَابِ
"(Bu Quran.) ayələrində düşünüb arxasınca getmələri və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır". ("Sad", 29.)
Buna bənzər ayələr çoxdur və onların hamısının qeyd edilməsi uzun çəkər.
Xülasə, bizim bürün bunları deməkdə məqsədimiz təfsirləri tənqid etmək deyil. Çünki müfəssirlərin hər biri həmin mübarək kitabların ərsəyə gəlməsi üçün çox zəhmətlər çəkib, sonsuz əziyyətlərə qatlaşıblar. Onların bu yaxşı əməlləri ilahi niyyətlidir və onları mükafatlandırmaq Allahın öhdəsindədir. Məqsədimiz budur ki, Allaha tərəf mənəvi hərəkətin, ruhların paklanmasının və ilahi qayda qanunların yeganə mənbəyi, yaradanla məxluq arasında ən böyük vasitə və Allahın möhkəm ipi olan bu mübarək kitab gərək insanların üzünə açılsın.
Gərək alimlər, müfəssirlər ərəb və fars dillərində təfsirlər yazsınlar, hədəfləri bu mübarək kitabda olduğu kimi, irfani və əxlaqi məqamların açıqlanması, məxluq ilə yaradanın əlaqəsinin necəliyinin bayanı, xudbinlik diyarından əbədi şadlıq evinə hicrətin izahı olsun. Bu kitabın sahibi Səkkaki və Şeyx deyil ki, məqsədi bəlağət və fəsahətə aid məqamların bəyanı olsun. Yaxud Sibəveyh və Xəlil deyil ki, hədəfi morfologiya və sintaksisə aid cəhətlər olsun. Həmçinin Məsudi və İbn Xülləkan deyil ki, dünyanın tarixi barəsində danışsın. Bu kitab Musanın (ə) əsası və "şəffaf əl"i, yaxud ölüləri dirildən nəfəsi deyil ki, yalnız möcüzə olaraq və Həzrət Peyğəmbərin (s) sözlərinin doğruluğunu təsdiqləmək üçün gəlmiş olsun. Bu səhifə qəlbləri ilahi elm və maariflə əbədi olaraq dirildən bir kitabdır. O, Allahın kitabıdır və ilahi işlərə tərəf dəvət edir. Müfəssir gərək insanlara ilahi işləri öyrətsin və camaat gərək ilahi işlərin öyrənilməsi üçün onlara müraciət etsinlər ki, ondan fayda əldə edə bilsinlər.
وَ نُنزَلُ مِنَ الْقُرْءَانِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَ لَا يَزِيدُ الظَّلِمِينَ إِلَّا خَسَارًا
"Biz, Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa bir şey artırmır". ("İsra", 82.)
Bundan böyük hansı ziyan ola bilər ki, otuz-qırx il Allahın kitabını oxuyaq, təfsirlərə müraciət edək, amma onun hədəflərindən uzaq qalaq.
رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرین
"Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq". ("Əraf", 23.)
(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.151-153.)
Maide.az – Maarif bölümü
@MaideTV