
AzadliqRadiosu
June 16, 2025 at 12:12 PM
2025-ci il Dünya Blits Komanda Çempionatında amerikalı qrossmeyster, dünya reytinqində ikinci yeri tutan Hikaru Nakamura gözlənilməz məğlubiyyətlə üzləşib. O, 13 yaşlı azərbaycanlı şahmatçı, beynəlxalq usta Xaqan Əhmədə uduzub.
Nakamura turnirin ilk günündə ümumilikdə altı oyunda qalib gəlib və çıxış etdiyi güclü WR Chess komandası bütün 12 qarşılaşmada qələbə qazanıb. Ancaq Xaqan Əhməd amerikalı şahmatçını məğlubiyyətə uğradıb.
X.Əhməd 13 oyundan 9-unda qalib gəlib. O, “Türk Hava Yolları” komandasını təmsil edir.
FIDE həmin qarşılaşmanın videosunu “X” platformasında (keçmiş Twitter) paylaşdıqdan sonra azarkeşlər arasında müzakirələr alovlanıb. Bir istifadəçi yazıb: "Şahmat hamımıza dərs verir." Başqa biri isə istehza ilə bildirib: "İndi Hikaru başlayacaq danışmağa ki, blits şahmat keyfiyyətsizdir və oynamağın mənası yoxdur".
X.Əhmədin çıxış etdiyi komanda 1/8 finala vəsiqə qazana bilməyib.

👍
❤️
🐺
🇦🇿
25